İşçi bir ay öncə xəbərdarlıq etmədən işdən çıxarsa, ona əmək haqqı ödənilməyə bilər?
Hər hansı xüsusi hal yoxdursa, işçinin işəgötürəni 1 ay qabaqcadan xəbərdarlıq etmədən işdən çıxmaq istəməsi düzgün hal hesab edilmir. İşçi və işəgötürən arasında əlavə bir razılaşmaları yoxdursa, işçi işə çıxmadığı halda, artıq bu əmək funksiyalarının yerinə yetirilməməsi hesab edilə bilər. Bu zaman işəgötürən işçi haqqında daha ciddi tədbirlər həyata keçirmək hüququna malikdir. Yəni işəgötürənin əmək müqaviləsi üzrə öhdəlikləri,vəziflələri, əmək funksiyalarının yerinə yetirilməməsi kimi qiymətləndirə bilər.
Təbii ki, işə çıxmayan işçiyə işləmədiyi dövr üçün əmək haqqı hesablanmayacaq.
Amma İşəgötürən işçini Əmək Məcəlləsinin hansısa maddə ilə işdən çıxarıbsa, bu zaman işçinin işlədiyi dövr üçün əmək haqqısını ödəməlidir.
Estoniyada təhsil alan tələbəyə həmin ölkənin sığorta şirkətinin göstərdiyi tibbi sığorta xidmətinin müqabilində elektron qaydada aparılan ödənişdən bank tərəfindən ƏDV hesablanmalıdırmı?
Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), Məcəllənin 11-ci fəslinin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi 169.1-ci maddəyə uyğun qaydada vergiyə cəlb edilir.
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisə tərəfindən əmlak vergisi ödənilirmi?
Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə əsasən, sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi kənd təsərrüfatı məhsullarının istehsalı hesab olunur.
Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalçıları olan hüquqi şəxslər, torpaq vergisi istisna olmaqla, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, habelə həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən beş il müddətinə – 2019-cu ilin 1 yanvar tarixinədək azad edilmişdir.
Qeyd olunanlara əsasən:
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər həmin fəaliyyət prosesində istifadə edilən əmlaka görə 2014-cü il yanvarın 1-dən 5 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.
Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən həmin fəaliyyət prosesində istifadə olunan əmlaklara görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada əmlak vergisi hesablanıb düvlət büdcəsinə ödənilməlidir.
Azərbaycan Respublikasının Milli Qəhrəmanı adını almış şəxsin mülkiyyətində olan yaşayış sahəsinə görə əmlak vergisi hansı qaydada hesablanır və ödənilir?
Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına əsasən, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin vergitutma obyektidir.
Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinin müddəalarına görə, fiziki şəxslərin əmlak vergisi onların xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə bina Bakı şəhərində yerləşdikdə 0,4 manat və həmin dərəcələrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə hesablanır.
Vergi Məcəlləsinin 199.3-cü maddəsində qeyd edilmişdir ki, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, həmin Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.
Bunlarla yanaşı, Vergi Məcəlləsinin 4.4-cü maddəsinin müddəalarına görə, yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit olunmuş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq, bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul etmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 200.4-cü maddəsinə uyğun olaraq, bələdiyyələr əmlak vergisinin ödənilməsi barədə tədiyyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.
Vergi Məcəlləsinin 200.5-ci maddəsində göstərilmişdir ki, cari il üçün əmlak vergisinin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.
Vergi Məcəlləsinin 200.6-cı maddəsinə görə fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” 2001-ci il 27 dekabr tarixli 244-IIQ nömrəli Qanunun 11.4-cü maddəsinə əsasən, yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.
Qeyd olunanlara əsasən:
Azərbaycan Respublikasının Milli Qəhrəmanı adını almış şəxsin mülkiyyətində olan yaşayış sahəsinə görə əmlak vergisi onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə hesablanır və verginin ödənilməsi barədə tədiyyə bildirişi fiziki şəxslərə çatdırılır. Hesablanmış əmlak vergisinin məbləği fiziki şəxslər tərəfindən banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilməlidir.
Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının milli qəhrəmanı adı almış şəxslərin binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslər tərəfindən həmin fəaliyyət üzrə digər şəxslərdən alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilirmi?
Vergi Məcəlləsinin (VM) 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 5 il müddətinə ƏDV-dən azaddır.
ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən olunmuş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir (VM, maddə 175.6).
Qeyd olunanlara əsasən:
Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı digər şəxslərdən alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.